Həsənova Aytən

 

Ağaxan Abdullayev muğam müsabiqəsinin obyektivliyinə şübhə edir?

 

“İştirakçıların SMS-lə təyin olunması münsifləri çaşdırır”

.

Azərbaycan muğamı. Şərq musiqisinin gövhəri. Minilliklərin o tayından süzülüb saflaşan, indinin özündə də dünyanın hansı bölgəsində olursa-olsun; rəngindən, irqindən, dilindən asılı olmayaraq insanları möcüzələr aləminə aparan bir möcüzə... Dədələrimiz mahir bir xanəndənin ifasına qulaq asandan sonra ona "ustadına bərəkallah" deyiblər. Bu gün ustad xanəndələrimiz barmaqla sayılacaq qədər az olsalar da var. Onların arasında xalq artisti Ağaxan Abdullayevi "ustadlar ustadı" adlandırsam, heç də yanılmaram. Ən azından ona görə ki, onun Alim Qasımov kimi bir yetirməsi var... Ağaxan müəllim bu gün də ustad xanəndələr yetişdirməklə məşğuldur. Onunla Bakı Musiqi Gimnoziyasında görüşüb söhbətləşdik.

 - Ağaxan müəllim, sizcə, muğam müsabiqəsi bir az gec başlamayıb ki?..

- Əvvəla, onu qeyd etmək istəyirəm ki, dövlət başçısının xanımı, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın milli musiqimizə verdiyi qiymət, göstərdiyi   qayğının nəticəsində muğamımız yenidən cana gəlir. Muğam sənətkarlarına qayğı göstərilir. Gənclərimizə elə bil yeni ruh gəlib, muğama həvəs göstərirlər. Muğam ifaçılarımız da ruhlanırlar. Fərəhli bir haldır. Həmin  muğam  müsabiqəsi  də "Space" telekanalının təşkil etdiyi bir layihədir. Telekanalın rəhbərliyi,   həmçinin   musiqi departamentinin rəhbəri Nadir Axundov sağ olsunlar ki, muğamımıza qayğını əsirgəmirlər. Xüsusilə qeyd etmək lazımdır ki, N.Axundovun  bu müsabiqənin  keçirilməsində böyük zəhməti var. Bütün bunlar onu göstərir ki, xalqın mənəvi sərvətlərindən olan ən birincisi muğamdır. Çünki dünyanın hansı ölkəsində Azərbaycan muğamı  səslənirsə, böyük alqışlar qazanır. Bu müsabiqə   başlayandan   sonra mənə çox zəng edirlər. Xalqın içində çox oluruq, bu müsabiqə ilə bağlı müsbət fikirdə olduqlarını deyirlər. Siz bayaq bunun gecikmiş addım olub olmamasını soruşdunuz. Amma mən belə deməzdim. Çətinliklə, gec başa gələn bir şey çox keyfiyyətli olur. Bu müsabiqə 5 il bundan əvvəl də keçirilsəydi, belə qarşılanacaqdı. Hər şeyin öz vaxtı var. Bəlkə də elə indi vaxtıma düşüb.

- Ona görə gecikmiş dedim ki, artıq neçə illərdir bayağı musiqilər, müasir musiqi ifaçıları bir az muğamı sıxışdırır...

- Muğamı heç nə sıxışdıra bilməz. Muğam elə bir sərvətdir ki, xalq durduqca duracaq. Qızıl nə qədər torpağın içində qalsa,   qızıllığını   itirmir,   nə vaxtsa öz parlaqlığını göstərir. Muğam da elə bir sərvətdir. Onu heç bir bayağı mahnı sıxışdıra bilməz. Nə qədər ki, Azərbaycan xalqı, dilimiz, dinimiz yaşayır, muğam da yaşayacaq.  Muğamı ortalıqdan silmək üçün əvvəi dilimizi, dinimizi, xalqımızı ortalıqdan götürmək lazımdır. Bu da baş tutan deyil. Çünki Azərbaycan xalqı həmişə var olacaq.

Xalqımız çox istedadlı xalqdır. Hansı millətin bu qədər dahi şairi, rəssamı, bəstəkarı var? Götürək Nizami Gəncəvini, Məhəmməd Füzulini, Üzeyir Hacıbəyovu, Səttar Bəhlulzadəni, Tahir Salahovu... Mən tək-tək adlar çəkdim. Bunlar bizdə çoxdur və gələcəkdə də olacaq. O cümlədən də muğam ifaçılarımız... Mənim də yaralı yerimdir ki, bəzi səsi olmayanlar kompüter vasitəsilə səslərini dartıb düzəldirlər, bunlar olmasa, lap yaxşı olar. Amma bir məsəl də var ki, tikan olmasa, gülün qədri bilinməz.

- Müsabiqə iştirakçılarının səsi, istedadı, səhnə davranışı sizi nə dərəcədə qane edir?

- Onlar hələ usta xanəndə deyillər axı. Xanəndə 30 yaşına kimi öyrənir. Onlar hələ sənətə

təzə qədəm qoyurlar.  Hələlik bizə onların səslərini necə işlətmələri lazımdır. Yəni bilmək istəyirik ki, əsl xanəndəyə layiq olan səs onlarda var, ya yox? İntəhası, burda qaliblərin SMS-lə təyin olunması bizi bir az çaşdırır. Əgər bu məsələ münsiflər heyətinin ixtiyarına verilsəydi, çox yaxşı olardı. Layiq olanı da biz seçərdik. Bu, kommersiya məsələsidir ki, onu da siz bizdən daha yaxşı bilirsiniz... İşimizi o mənada çətinə salır ki, bir də görürsən münsiflərin iştirakçıya verdiyi ballar, dinləyicinin verdiyi ballarla əks qütblərdə dayanır. Əlbəttə ki, bu məqam da camaat arasında çaşqınlıq yaradır. Ona görə də bir dəfə Nadir müəllim əsəbiləşdi ki, imkanlı adamlar sponsorluq etsəydilər, bəlkə də bu müsabiqə SMS-siz olardı.

- Ağaxan müəllim, bir çox tanınmış xanəndələrimiz deyirlər ki, səs ölüb, artıq əvvəlki kimi zil səsli xanəndələrimizə az-az hallarda rast gəlinir. Bu, doğrudur?

- Hər dövrdə belə olub. Siz elə bilirsiniz ki, keçmiş dövrdə səslər axıb gəlib? Yəni səslər

olub, amma lazımi səslər az olub. Belə olmasaydı, əsl xanəndələr barmaq  hesabı  ilə göstərilməzdi ki? İndi də elədir.   Saymısan   bir,   iki,   üç, dörd...  Beşincini tapa bilməmisən. Amma oxuyanlar çox olub, axı. Biz bu uşaqları 400-500 iştirakçının içindən seçmişik. Əgər bizə imkan verilsəydi, bu 20 finalçının arasında da 4-5 nəfər babat oxuyan seçiləcəkdi.

- Seçilməyənlərin qüsurları nədə idi?

- Birinin səsi vardısa da pərdəyə girmirdi. Nə qədər üzərində işləsən, o adamın oxumağı   düzəlməyəcək.  Çünki eşitmə məsələsi var. Səsi var, nə   qədər   qışqırır-qışqırsın, amma  o     səsi pərdəyə oturtmaq lazımdır axı. Belə qüsurlar düzəlmir. Bir başqasının tələffüzündə problem vardı, digərinin səsi yox idi... Bunların arasından 20-ni seçdik.

- Bir məsələ də var ki, ifaçılar muğam ifaçılığını bölgələrə ayırırlar. Deyirlər ki, səslər yalnız Qarabağda yetişir...

- Bu söhbət təzəlikcə ortalığa çıxan mənasız bir şeydir. Muğam təkdir.  Bakıda da eyni muğam oxunur, Qarabağda da, başqa bölgələrdə də. Məsələn, Cabbar Qaryağdıoğlunun dövründə Şəkili Ələşgər də yaşayıb və o, Bakıda da Ağasəid oğlu Ağabalanın tələbəsi olub. Cabbar da, Ələsgər də, Ağasəid oğlu Ağabala da dövrünün tanınmış xanəndəsi olub, özləri də müxtəlif bölgələrdən.  Azərbaycamn  bütün bölgələrində gözəl  səsli  xanəndələr yetişib. Amma onlar gəlib Bakıda püxtələşiblər, tanınıb sənətkar olublar. Yenə də qızıldan misal gətirmək istəyirəm: qızıl torpağın altından filiz şəklində çıxır. Əgər o, zərgər əlinə düşməsə, elə torpaq kimi görünəcək. Zərgər əlinə düşəndən sonra qiyməti qalxır. Səs də belədir. Tək mən yox, bütün nə qədər yaxşı xanəndə yetişibsə, onların yetişməsində Bakı toylarının böyük rolu olub. Xanəndə gərək toyxanada "bişsin". Elə indinin özündə də Abşeron kəndlərində "palatka" toyları az da olsa qalır.

- Eşitdiyimə görə, sizi də efirə gec buraxıblar...

- Başımda papağı görüb elə bilirlər ki, yaşım çoxdur. Mənim hələ 55 yaşım bu il tamam

olub. Elə 30 ildir bu meydandayam. Sənətkar efirdə gec-gec görünsə yaxşıdır.

- Həm də pedaqoji fəaliyyətinizin 30 ilinin tamam olmasına az qalıb... Hətta siz Alim Qasımovun müəllimi  olmusunuz.

- Hə, Alim ilk tələbələrimdən olub.

- Amma ona sizdən öncə "xalq artisti" fəxri adını verdilər...

- Ona sənətinin böyüklüyünə görə məndən əvvəl "xalq artisti" adını verdilər. Alim böyük sənətkardır.

- Bir ara sizin tələbənizin üstünə yaşlı sənətkarlar çox düşmüşdülər ki, o, muğamı başqalaşdırır. Siz necə   fikirləşirsiniz,   muğamda  improvizə  etmək düzgündür?

- Muğam başdan ayağa elə improvizədir də. Muğam eiə bir xəzinədir ki, ona nə qədər bəzək vurursan-vur, hamısını qəbul edir. Alim oxuyanda muğama səsinin gözəlliyini, ürəyini verir.

- Nə üçün Opera və Balet Teatrına getmədiniz? Çünki o dövrdə operada çıxış etmək müğənniyə çoxlu şanslar qazandırırdı...

- Heç əvvəlcədən elə bir fikrim olmadı.

- Özləri necə, dəvət ediblər?

- Bəli, bir neçə dəfə mənə dedilər, amma istəmədim.

- Xaricdə çox olursunuz. Sizcə,  əcnəbi dinləyicilər üçün   oxumaq   rahatdır, yoxsa        azərbaycanllar üçün?

- Bilirsiniz, xaricilər dilimizi bilmir, amma muğama diqqətlə qulaq asırlar. Muğamın möcüzəsi də bundadır. Xariciləri təəccübləndirmək mənə yaxşı təsir edir.

- Sizin bəstəkar mahnıları oxumamağınızın səbəbini bilmək istərdim. Bildiyimə görə "Ya Məhəmməd Füzuli" mahnısına qədər siz ümumiyyətlə, heç bir bəstəkar mahnısı oxumamısınız. Həmin mahnı ilk olsa da, müsabiqədə birincilik qazandı.

- Bəli,  bəstəkar mahnıları oxumamışam. "Ya   Məhəmməd Füzuli" mahnısını Vüqar Əhməd  məndən xahiş etdi, musiqisini Nailə Mirməmmədli bəstələmişdi. Vüqara minnətdaram ki, məni dilə tutub yola gətirə bildi.

- Ailənizdə oxuyan olub?

- Ailəmizdə səsli  adamlar çox olub. Atamın, əmilərimin çox gözəl səsi olub. Yəni nəslimizdə hamıda səs var. Asəf Zeynallı adına Musiqi Texnikumuna daxil olana qədər muğamı atamdan  öyrənmişəm. Onun muğamları dəstgah şəklində oxumağa səs imkanı vardı. Amma bir şeyi də deyim, atam muğamı gözəl bilsə, gözəl oxusa da, son ana qədər mənə xanəndə olmağa icazə vermirdi. İndi xanəndə olmaq asanlaşıb. Yerindən duran istəyir ki, uşağı oxuyan olsun. Amma qabaqlar valideynlər başqa cür fikirləşirdilər.

 

Xalq cəbhəsi.- 2006.- 1 iyun.- s.- 15.